Elm və Təhsil Nazirliyi və OpenAI ölkədə süni intellektin təhsil sahəsində tətbiqi üzrə əməkdaşlığı genişləndirir
22 sentyabr 2026-cı il tarixində Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi və OpenAI arasında təhsil sahəsində
süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə
tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda Azərbaycan
Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və OpenAI şirkətinin təhsil
üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.
Yeni əməkdaşlığın
əsas məqsədi süni intellekt imkanlarından istifadə etməklə müəllim və şagirdlər
üçün tədris prosesini daha səmərəli və əlçatan etmək, eyni zamanda təhsil müəssisələrində
süni intellektdən məsuliyyətli istifadəyə dair yanaşmaları inkişaf etdirməkdir.
Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin
hazırlanması, müəllim və təhsil işçilərinin yeni texnologiyalardan səmərəli
istifadə üzrə təlimləndirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz
və məsuliyyətli istifadəyə dair standartların hazırlanması nəzərdə
tutulur. Əməkdaşlığın əsas layihələrindən biri Elm və Təhsil Nazirliyinin
riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin
OpenAI texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir.
Sistem müəllimlərə dərslərin
hazırlanması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı
dəstək təqdim edəcək. Bu imkanların müəllimlərin hazırlıq prosesinə sərf etdiyi
vaxtı azaltması və onların şagirdlərlə birbaşa işləməsinə daha çox vaxt
ayırmasına şərait yaratması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində müəllimlər,
tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün müxtəlif təlimlərin
keçirilməsi də planlaşdırılır. Bundan əlavə, “təlimçilərin təlimi”
(train-the-trainer) proqramı vasitəsilə Azərbaycanda süni intellekt üzrə yerli
mütəxəssis və təlimçi potensialının formalaşdırılması nəzərdə tutulur.
Tərəflər, həmçinin
təhsil sahəsində süni intellektdən məsuliyyətli və təhlükəsiz istifadə ilə
bağlı metodiki yanaşmaların və tövsiyələrin hazırlanması istiqamətində əməkdaşlıq
edəcəklər.
Qeyd edək
ki, bu, Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında imzalanan ikinci Anlaşma
Memorandumudur. Yeni sənəd tərəflər arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsini
və süni intellektin Azərbaycanın təhsil sistemində tətbiqi üzrə yeni layihələrin
həyata keçirilməsini nəzərdə tutur.