Peşə təhsili müəssisələrində Elektron Jurnal sistemi tətbiq edilir
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən elektron jurnal layihəsinin peşə təhsili müəssisələrində tətbiqinə başlanılıb.
Layihənin əsas məqsədi peşə təhsilində tədris prosesinin rəqəmsallaşdırılması, idarəetmənin səmərəliliyinin artırılması, məlumatların elektron mühitdə mərkəzləşdirilmiş şəkildə idarə olunması və operativ monitorinq imkanlarının yaradılmasıdır.
2026–2027-ci tədris ilində layihə ilkin mərhələdə 25 peşə təhsili müəssisəsini əhatə edir.
Elektron jurnal sisteminin tətbiqi peşə təhsilində kağız əsaslı proseslərin azaldılmasına, müəllimlərin inzibati iş yükünün optimallaşdırılmasına, şəffaflığın artırılmasına və məlumat əsaslı idarəetmənin formalaşdırılmasına xidmət edir.
Layihə peşə təhsili sisteminin rəqəmsal transformasiyası və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində atılan mühüm addımlardan biridir.